Adalet.az-ın bu dəfəki müsahibi gənc müğənni “O səs Azərbaycan”ın qaliblərindən biri olan İlkin Dövlətovdur.
Qeyd: İlkin Dövlətov 1990-cı ildə Cəlilabad rayon Muğan kəndində musiqiçi ailəsində anadan olub. Uşaq yaşlarından mahnılar ifa etməyə başlayıb.
- İlkin, bizə belə aydın oldu ki, həm atan, həm də anan ifaçı olub...
- Anam orta məktəbdə oxuyanda Şövkət xanım və digər sənətkarlar rayonları gəzib istedadlı uşaqları tapıb Bakıya aparırmışlar. Lənkəranda müsabiqə olanda məktəbdən anamı da müsabiqəyə aparıblar. Orda anam öz ifasıyla birinci yerə layiq görülüb. Babama deyiblər ki, uşağı ver Bakıya aparaq. Amma babam icazə verməyib deyib ki, qoymaram qızım oxusun. Bununla da anamın arzuları yarımçıq qalıb. Atam Sərdar da xanəndədir. O, isə ilk əvvəl qoşa nağara, sonra nağara ifa edib. Ondan sonra müğənni kimi mahnılar ifa etməyə başlayıb. Mən də gözümü açandan musiqinin içində böyümüşəm deyə mahnılar ifa etməyə başladım.
- Bakıya nə vaxt gəldin?
- Bakıya 2006-cı ildə gəldim. ATV kanalında bir mahnı müsabiqəsi keçirilirdi. Seçimlərə qatılıb sonuncu tura qədər getdim. Onda 16 yaşım var idi, orda dedilər ki, yaşın azdı səni bura götürə bilmərik. Onda bir az xəyal qırıqlığına uğradım. Onda məni bir musiqi məktəbinə məsləhət gördülər. O məktəb isə pullu olduğu üçün oxumağa imkan olmadı. Ardınca Xəzər televiziyasında “Nar star” müsabiqəsi var idi, onlar da rayonları gəzib, istedadlı uşaqları üzə çıxarırdılar. Bakıdan durub Lənkərana getdim və seçimlərə qatılıb birinci yeri tutdum. Sonra məni Bakıya gətirdilər. Orda bir qayda var idi ki, əsas heyətə düşmək üçün sms lazım idi, amma mənim sms-im az olduğu üçün əsas heyətə düşə bilmədim. Ondan sonra “Space” kanalında “Azər star” müsabiqəsinə qatıldım. Ordakı münsiflər Yaşar Nuri, Aygün Səmədzadə, Faiq Sücəddinov və Paşa Qəlbinur idi. Müsabiqədə seçilib əsas heyətə düşdüm və beşinci yerə qədər gəldim. Artıq 2009-cu il idi. Ondan sonra müsabiqələrə fasilə verdim.
- Musiqi təhsilinə nə vaxt başladın?
- Ondan sonra səsimin dəyişməyinə görə musiqi təhsilimi davam etdirməyə başladım. Onda bizim böyük sənətkarımız Teymur Əmrahdan fərdi dərs alırdım. Çox sağ olsun Teymur müəllim mənə iki il dərs dedi. Ondan sonra səsimin mutasiya dövrü bitdi və başladım el şənliklərində, səliqəli səhnələrdə dolanışıq üçün ifalar etməyə.
- Bəs “O səs Azərbaycan” müsabiqəsinə necə qatıldın?
- Ümumiyyətlə, səs müsabiqəsi Hollandiyanın yarışmasıdır. Amma bütün dünyada bu geniş yayılıb. Bizdə isə bu müsabiqə əvvəl AzTV-də idi, 2005-ci ildən müsabiqələr keçirilirdi. Artıq iki ildir ki, lahiyə İctimai Televiziyada keçirilir. Mən isə bütün müsabiqələri izləyirdim. İctimai kanalda “O səs Azərbaycan” müsabiqəsi başlayanda dostlar mənə xəbər etdilər. Müsabiqəyə qatıldım. Əslində əvvəlki müsabiqələrə görə bir az içimdə ümidsizlik var idi. Müsabiqədə yetmiş nəfər iştirak edirdi. Yarış zamanı mən hər şeyi diqqətlə izləyirdim. Ona görə də qərar verdim ki, İlqar Xəyalı seçəcəm. Sonda hər münsifin bir tələbəsi finala qaldı. İlqar Xəyalda mən, Gülyaz Məmmədovada Zülfü Əsədzadə, Aşıq Samirə xanımda isə Türkan Məlikzadə qaldı. Sonda sms yarışı oldu və mən ikinci yeri tutdum.
Mən hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Əməkdar artist Zakir Əliyevin sinfində muğam təhsili alıram. Bununla yanaşı, mahnılar da bəstələyirəm. Bundan sonra məqsədim odur ki, ancaq xalq mahnılarımızı ifa edib, dünya ictimaiyyətinin diqqətinə çatdırım, ölkəmizi təmsil edim.
Vasif Əlihüseyn